Zəhmət olmazsa, cihazınızı çevirin

KOMPLEKSİN ÜSTÜNLÜKLƏRİ

Vətəndaşlara güzəştli şərtlərlə təklif olunacaq mənzillərin satış qiyməti "Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təyin edilmiş orta bazar qiymətindən 20-25% aşağı olacaq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 412 nömrəli qərarına uyğun olaraq Yasamal Yaşayış Kompleksinin yerləşdiyi torpaq sahəsi 10-cu zonaya aiddir.
"AİF” ASC tərəfindən zonalar üzrə təyin edilmiş orta bazar qiyməti ilə bu keçid vasitəsilə tanış ola bilərsiniz.

“Güzəştli mənzil” əldə etmək hüququna sahib olmuş vətəndaşların yararlana biləcəyi güzəştlərdən biri Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müddəti 30 ilədək, 10% ilkin ödənişlə, illik 4%-lə veriləcək güzəştli ipoteka kreditidir.
Vətəndaşlar mənzili Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankları sırasına daxil olan və “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalamış “Kapital Bank”, “Bank BTB”, “Bank VTB”, “Azər-Türk Bank” və “Azərbaycan Beynəlxalq Bankı”, vasitəsilə əldə edə bilərlər.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Güzəştli mənzil”lər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə arayışlarla təmin edilir.
Mənzillərə sahib olduğu andan vətəndaşlara təqdim edilən qabaqcadan qeydiyyat sənədində mənzilin daxili perimetr üzrə sahəsi göstərilir. Vətəndaşlar mənzilin qabaqcadan qeydiyyat sənədi əsasında, həmin mənzili girov qoyaraq “MİDA” MMC ilə əməkdaşlıq edən müvəkkil bankların təqdim etdiyi güzəştli ipoteka kreditlərindən yararlana biləcəklər.

Mənzillər Azərbaycan Dövlət Tikinti normalarına (AzDTN) uyğun layihələndirilib:

  • Binalar arasındakı məsafə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilən normalara tam uyğundur;

  • Layihələndirmə zamanı ərazinin yaşıllaşdırılması və abadlaşdırılmasına xüsusilə diqqət yetirilib. Dövlət tikinti normativlərinə əsasən, yaşayış binalarının tikinti altı sahəsi ümumi ərazinin 40%-nə qədər olan hissəsini əhatə edə bilər. Yasamal Yaşayış Kompleksində isə bu göstərici 25 %-ə yaxındır;

  • Kompleksin ərazisinin çox hissəsini həyətyanı sahələr, yaşıllıqlar, uşaq meydançaları əhatə edəcək;

  • Sakinlərin avtomobillərinin saxlanması üçün Kompleksin ərazisində park yerləri də ayrılmışdır.

Şəhərciyin yerləşdiyi ərazi paytaxtın əsas nəqliyyat şəbəkəsinə və “İnşaatçılar” metro stansiyasına yaxındır. Bakı Nəqliyyat Agentliyi tərəfindən Yasamal Yaşayış Kompleksinə (YYK) 4 istiqamətdə marşrut xətlərinin çəkilməsi nəzərdə tutulur:

  • Marşrut No 17: Gənclik m.st – YYK;

  • Marşrut No 39: Elmlər Akademiyası m.st – YYK;

  • Marşrut No 193: 4-cü MKR – YYK – Lökbatan NMM (Nəqliyyat Mübadilə Mərkəzi);

  • Marşrut No 211: Gənclik m.st – YYK – Sədərək ticarət mərkəzi.

Kompleksin yerləşdiyi sahə paytaxtın ekoloji cəhətdən sağlam və təmiz ərazilərindən biridir:

  • Əraziyə bitişik 5 hektara yaxın yaşıllıq zonası mövcuddur;

  • Ərazinin 75 %-ə yaxın hissəsi həyətlərin, yaşıllıq zonalarının, həmçinin uşaq meydançaları və stadion üçün ayrılmışdır;

  • Kompleksdə ümumi ərazinin 2.7 hektar hissəsi yaşıllaşdırma sahəsinə aid olmaqla hər bir sakin üçün təxminən 6 m2 yaşılıq zonası nəzərdə tutulmuşdur;

  • Şəhərciyin ərazisində sakinlər üçün istirahət guşələri yaradılacaq, uşaqların əylənməsi üçün müxtəlif attraksionlar, yelləncəklər quraşdırılacaq.

Mənzillərin təmir növləri

Güzəştli mənzillər vətəndaşlara tam təmirli, mətbəx mebeli ilə təchiz olunmuş və istismara hazır vəziyyətdə təklif olunacaq. Mənzillərin təmiri və Kompleksin tikintisində istifadə olunan inşaat materialları haqqında məlumatlar aşağıdakılardır:

Kompleks haqqında:

    • liftlər – “OTİS” şirkətinin istehsalı olan səssiz, sürətli və dayanıqlı liftlər;

    • beton – “Norm" Sement zavodunun M400 və M350 (B25) markalı sementindən hazırlanmış beton (bünövrədə sulfatadavamlı, su keçirməzliyi yüksək olan sementdən istifadə olunmuşdur);

    • armatur – “Baku Steel Company” şirkətinin istehsalı olan AZS 538-2011 standartlı A500C markalı armatur;

    • mərmər – binaların girişlərində və pilləkən qəfəslərində yüksək keyfiyyətli mərmər plitələr;

    • binaların giriş qapıları – metal;

    • daimi su, qaz, elektrik enerjisi üçün mühəndis kommunikasiya sistemi.

Mənzillər haqqında:

    • arakəsmə divarlar – yüksək keyfiyyətli, ekoloji təmiz “Gobustone” hörgü blokları;

    • divarlarda – keyfiyyətli və zövqlə seçilmiş divar kağızı (mətbəxdə divarın mebel olan hissəsi kafel);

    • qapılar – giriş qapıları metal, otaqların qapıları “MDF” tipli taxta qapılar;

    • pəncərələr və eyvan qapıları – Türkiyənin “Asaşpen” firmasının istehsalı olan 2 qat şüşəli plastik (PVC) material;

    • döşəmə – dikt (taxta lövhə) və üzəri yüksək keyfiyyətli laminat;

    • tavanda – panakril və pansilikon boya;

    • mətbəx mebeli və avadanlıqları – 4 gözlü qaz plitəsi, plitə üstü çətir (aspirator), yuma vannası (moyka), su qarışdırıcı (smesitel);

    • isitmə sistemi – beynəlxalq standartlara cavab verən nominal istilik gücü 24 kW olan kombi isitmə sistemi (kombi avadanlığı və radiatorlar daxil olmaqla);

    • rabitə, televiziya və internet xətləri (ayrılmış xətt ilə);

    • su, qaz və işıq sayğacları.

Sanitar qovşaq və hamam:

  • divar – kafel;

  • döşəmə – metlax;

  • tavan – asma tavan;

  • santexnika avadanlıqları.

Şəhərcikdə sakinlərin rahat yaşayışı üçün bütün zəruri şəraitin yaradılmasına xüsusi diqqət yetirilir:

  • Kompleksdə orta məktəb, uşaq bağçası, futbol meydançası, ictimai iaşə və xidmət obyektlərinin istifadəyə verilməsi sakinlərin rahatlığını təmin edəcək;

    • Sakinlərin rahat alış-verişini təmin etmək üçün Kompleksin ərazisində ticarət mərkəzinin tikintisi həyata keçiriləcək;

    • Kompleksin məhəllə daxili yollarında velosiped yollarının salınması isə sakinlərin sağlam həyat tərzinin təminatçısı olacaq;

    • Kompleksin ərazisində fiziki imkanları məhdud insanların rahat hərəkətini təmin etmək üçün zəruri infrastruktur yaradılacaq;

    • Ərazidə quraşdırılacaq 246 işıq dirəyi isə sahənin işıqlandırılmasını tam təmin edəcək;

    • Kompleksin ərazisində hər biri 1000 kubmetr olmaqla 3 ədəd yeraltı ehtiyat su anbarı istifadəyə veriləcək. Bunlardan ikisi içməli su üçün, digəri isə yanğına qarşı nəzərdə tutulub;

    • Bununla yanaşı, vətəndaşların sabit elektrik enerjisi ilə təmin edilməsi üçün 2 ədəd transformator yarımstansiyası binası (35/0,4KV), qış aylarında məktəb və bağçanın istiliklə təchiz edilməsi üçün qazanxana istifadəyə veriləcək.